Saçlarımıza gözəlliyi və sağlamlığı qaytarmağa kömək edən ən effektiv vasitələrdən biri də yumurta sarısından hazırlanmış maskalardır. Yumurta sarısı saçlarımız üçün vacib olan vitamin və mikroelementlərlə zəngindir. Toyuq yumurtasının sarısında on üç vitamin növü və on beş mikroelement mövcuddur. Bunların içində A, B vitaminləri, kalsium, dəmir, fosfor, maqnezium, kalium, kükürd, natrium və başqaları var. Bu səbəbdən yumurta sarısından saçlar üçün hazırlanmış maska belə müalicəvi təsirə malikdir.
Saçlar üçün yumurta sarısından hazırlanmış maska reseptləri:
- Quru və zədələnmiş saçlar üçün maska - İki yumurtanın sarısını və 3 xörək qaşığı zeytun yağını (və ya gənəgərçək yağını) qarışdırırıq və alınmış tərkibə jojoba yağı, avokado yağı və A vitaminindən bir neçə damcı əlavə edirik. Maskanın daha effektli olması üçün ona 1 xörək qaşığı ilıq bal da əlavə etmək olar.
Maskanı saçlara çəkirik və nazik sellofanla sarıyırıq üstündən isə dəsmalla bükürük. Yarım saat sonra saçlarımızı ilıq suyla yuyub təmizləyirik.
Bu maskanı həftədə 1 dəfəni istifadə etmək lazımdır. O zədələnmiş saçın strukturunun bərpasına imkan yaradır, nəticədə də saçlar qalınlaşır, daha sıx və yumşaq olur və sağlam parıltı əldə edir. - Normal və yağlı saçlar üçün maska - İki yumurtanın sarısı 50 qram konyak və bir limonun yarısının şirəsi ilə qarışdırırıq. Alınmış tərkibə 2 damcı nanə, avokado və şam ağacının yağından əlavə edirik. Maskanı saçlarımıza çəkdikdən sonra nazik sellofana və ya polietilen paketə büküb, üstündən dəsmalla bağlayırıq. 30 dəqiqədən sonra saçları sərin suyla yuyub təmizləyirik. Belə maskadan müntəzəm istifadə baş dərisində olan yağlılığı nizama salır və saçları qidalandırır.
- Saçların bərkidilməsi üçün maska - Bu maska bütün tip saçlar üçün istifadə oluna bilər. O saçları qidalandırır, bərkidir və bərpa edir. Bu cür maskalar əsasən də rənglənmiş və zədələnmiş saçlar üçün daha yaxşıdır. İki yumurta sarısını 100 qram kəsmik ilə qarışdırırıq, bir neçə damcı avokado və ya jojoba yağından və A vitaminindən əlavə edirik. Arzu olunan nəticəni əldə etmək üçün bu maskadan ən azı həftədə 1 dəfə istifadə etmək lazımdır.
Reklamlarda olan gözəl saçlara sahib olmaq üçün, gözəllik salonlarına qaçmaq və bahalı prosedurları etmək mütləq deyil. Siz əlçatan və təbii məhsullardan istifadə etməklə də gözəl nəticə əldə edə bilərsiniz.

0 Yorumlar