Bəsdir, romantik filmlərə baxdınız: Zoluşka evdə paltar yuyur, şahzadə onu meşədə görür, ya da harasa tələsən xanım dar dəhlizdə yaraşıqlı oğlanla toqquşur, əlindəki qovluqlar yerə düşür, baxışlar rastlaşır... Təəssüf ki, belə filmlər qısamüddətli narkoz effekti verir, elə ki, səhər olur, qarşımızda başqa səhnələr canlanır: real həyat....
Kimsə toqquşur, amma heç üzünə də baxmır, o ki ola sənə vurula, hələ bir əsəbindən dönüb səni acılayır... Gecə-gündüz paltar yuyursan, hasardan heç poçtalyon da boylanmır, o ki ola şahzadə...
Özünüzə təsəlli dolu cavablar uydurmusuz: “Mənim kimilərinin bəxti gətirmir”, “Qismətimdirsə, gəlib məni tapacaq”, “Kimdir məni alan”... Özünüz də bilirsiz ki, bu sözlər tənhalığınızın özü qədər dəyərsiz və mənasızdır.
Tənhalıq - əbədi diaqnoz və ya lənət deyil. Bu, bir haldır. Hansı ki, könüllü olaraq, özümüz seçirik, hər gün ona alışırıq, getdikcə tənhalıq hasarının kərpiclərini üst-üstə qoyaraq, onu keçilməz səddə çeviririk. Tənhalıq dəhşətlidir, çünki o narkotika kimi adamda alışqanlıq yaradır. Tənhalığın dostları - qorxu, yersiz qürur, inciklik, özündən narazılıqdır. Gəlin, tənhalıq divarını sökməyə başlayaq, yavaş-yavaş...
Kompliment Deməyi və Eşitməyi Öyrən
Hər gün elə görünməyə çalış ki, kimsə sənə kompliment desin. Bundan utanma. Gördün ki, heç kim demir, onda özünə kompliment de, ya da sən başqalarını sevindir. Özü də kompliment hədəfin qarşı tərəf olmalıdır. Yəni, kişilər üçün qadınlar, qadınlar üçün kişilər....
Evini və Özünü Nişanlının Gəlişinə Hazırla
Vacib deyil ki, o peyda olanda əl-ayağa düşəsən, indidən başla! Evinin quruluşunu, dizaynını, yataq otağını, geyimini, saçını, qarderobunu dəyiş. Hər tərəfi təmiz saxla, elə bil bu dəqiqə elçilər gələcək.
Gözə Çarpmaqdan Qorxma
Hətta gözə gəlməkdən də. Sizin oturuşunuzdan tutmuş danışığınıza kimi hər şey bir siqnalı verməlidir: «Mən azad və yarını gözləyən cazibədar bir qadınam».
Nəbadə, «tənha bəxti gətirməyən» obraza girəsiz. Bunlar tamam başqa şeylərdir. Sizinlə maraqlanmaları üçün ipucu qoyun. Demirik ki, özünüzü sırıyın, yox, sadəcə olaraq, özünüzü vurğulayın. Kölgədə, gözdən-nəzərdən uzaq qalmağın heç bir xeyri yoxdur.
Açiq və Səmimi Gülüşlər - Gülməyi Öyrən!
Əvvəlcə güzgüdə sizə yaraşan gülüş növünü tapın. Ən birinci şərt: dişlərinizi düzəldin və lazım gələrsə, ağardın. İçdən, səmimi və açıq gülməyi öyrənin. Əvvəlcə dost-tanışlara baxıb gülməklə məşq edin.
Hər yerə gülümsəyən şəkillərinizi qoyun: kompüter ekranına, telefona, facebooka. Qədim Çin müdrikləri deyir: Ürəkdən qaynaqlanan gülüş başqa ürəyə yol tapır».
Hipersiqnallardan Qaçın
Əgər biri ilə tanış olsanız, «sənsiz ölərəm», «sən mənim yeganə ümidimsən», «nəhayət ki, səni tapdım» kimi hürküdücü ifadələr işlətməyin. Kişilər belə sözlərdən qorxub qaçırlar. Münasibətləri sürdürün, o vaxta kimi ki, hər ikiniz bərabər yaşamağa, ailəyə hazır olduğunuza qərar verəsiz.
Təklik əlindən bezənlər üçün
Ətrafınıza, iş yoldaşlarınıza, qohum-qonşulara şüuraltı olaraq «axtarış» əmri verin.
Keçmiş Vərdişlər Və Bağlılıqlara «Əlvida»
Sevgi gözlə görünmür, amma inanın ki, ona da yer lazımdır. Sevgini tutmaq üçün ürəyiniz də, əlləriniz də boş olmalıdır. Azad olun, keçmişdən qopun.
Keçmişdəki umu-küsü, kişilərə inamsızlıq, qorxu, qırılan ümidlər, ayrılıqlar, göz yaşları dolu gecələr, vicdan əzabı... bunlar sizin düşmənlərinizdir. Onları yanınızda niyə saxlayırsız? Əllərinizi taleyin hədiyyəsinə açın, yoxsa əlinizi dolu görüb, o sizdən yan ötəcək.
Yaxşi Bir İnsan Axtardığınızı Gizlətməyin
Ətrafınıza, iş yoldaşlarınıza, qohum-qonşulara şüuraltı olaraq «axtarış» əmri verin. Qoy, onlar sizin üçün namizəd axtarışına çıxsınlar. Tələblərinizi yumşaldın: filan şeylər olmasa gedən deyiləm kimi fikirlər istəyi olan insanı da qaçırdır. Əlçatan olun, əlçatmazlıq tənhalığın ögey də olsa qardaşıdır!
Tənhalıqdan yaxa qurtarmaq metodikası gələn sayımızda... Amma bir şərtlə ki, bu sayımızda olanlara əməl edəsiz

0 Yorumlar