Ev limonadının hazırlanmasının 6 qaydası:
- Ev limonadının əsas hissəsi şirədir və ya şirələrin və suyun qarışığıdır.
- Su sadə, qazlı və ya qazsız, həmçinin mineral ola bilər.
- Dad üçün limonada müxtəlif siroplar, ədviyyəli otlar əlavə olunur.
- Şirinlik üçün şəkər, meyvə və ya giləmeyvə siropu əlavə olunur.
- Limonad süfrəyə soyuq vəziyyətdə verilməlidir.
- Onu dərhal içmək lazımdır.
Limonadın hazırlanması:
Limonadın hazırlanması üçün bir qaba limon şirəsi tökün, üzərinə şəkər və ya sirop əlavə edib yaxşıca qarışdırın. Son olaraq isə su əlavə edin.
Darçınlı limon limonadı
İnqrediyentlər:
- Limon – 10 ədəd,
- Su – 2 litr,
- Şəkər – 300-400 q,
- Darçın – 1 çubuq.
Hazırlıq prosesi:
Limonun qabığını soyun, yarı bölüb şirəsini sıxın. Suyu qaynadıb içinə darçın, limon qabığı və şəkər əlavə edib yaxşıca qarışdırın. Qarışıq soyuduqdan sonra onu süzüb limon şirəsi ilə birləşdirin.
Moruq limonadı
İnqrediyentlər:
- Moruq şirəsi – 500 ml,
- Mineral su – 500 ml,
- Bəzək üçün bir neçə ədəd moruq,
- Nanə – 1-2 budaq,
- Limon – 1 ədəd.
Hazırlıq prosesi:
Limonları yuyun, qurudun, yarı kəsib şirəsini sıxın. Soyuq moruq şirəsini limon şirəsi və mineral su ilə qarışdırın. Qədəhlərin dibinə bir neçə moruq qoyun, üzərinə limonad əlavə edib nanə yarpaqları ilə bəzəyin.
Alma limonadı
İnqrediyentlər:
- Alma şirəsi – 500 ml,
- Mineral su – 1 litr,
- Limon – 1 ədəd.
Hazırlıq prosesi:
Alma limonadını hazırlamaq üçün, hazır alma şirəsindən istifadə etmək olar. Alma şirəsini və mineral suyu yaxşı soyudub birlikdə qarışdırmaq lazımdır. Sonra limonu təxminən 2 mm qalınlıqda doğrayıb hazır alma limonadına əlavə etmək lazımdır.
Çiyələkli limonad
İnqrediyentlər:
- Çiyələk şirəsi – 500 ml,
- Qreypfrut şirəsi – 100 ml,
- Qazlı su – 500-1000 ml,
- Çiyələk siropu – zövqə görə,
- Bəzək üçün bir neçə ədəd çiyələk.
Hazırlıq prosesi:
Çiyələk və qreypfrutun şirəsini çiyələk siropu ilə yaxşıca qarışdırıb, üzərinə qazlı su əlavə edin. Limonadı soyuq vəziyyətdə için.
Ədviyyəli limonad
İnqrediyentlər:
- Nanə – 2 budaq,
- Tərxun – 2 budaq,
- Reyhan – 2 budaq,
- Limon – 5 ədəd,
- Su – 500 ml,
- Nanəli sirop – zövqə görə.
Hazırlıq prosesi:
İki və ya üç limonun qabığını soyun. Limonların şirəsini sıxın. Nanə, tərxun və reyhan yarpaqlarını xırdalayıb limon qabığı ilə qarışdırın. Qazanda suyu qaynadın və bir az soyutduqdan sonra üzərinə ədviyyəli ot qarışığını əlavə edin. Otlar dəmləndikdən sonra, suyu süzüb limon şirəsi ilə qarışdırmaq lazımdır.
Sitrus limonadı
İnqrediyentlər:
- Portağal şirəsi – 500 ml,
- Qreypfrut şirəsi – 200 ml,
- Limon şirəsi – 100 ml,
- Şəkər tozu və ya sirop – zövqə görə,
- Mineral su – 1-1,5 litr,
- Bəzək üçün portağal və limon dilimləri.
Hazırlıq prosesi:
Portağal, limon və qreypfrut şirələrini qarışdırıb üzərinə şəkər əlavə edin. Limonada mineral su əlavə edib soyutmaq lazımdır.
Albalı limonadı
İnqrediyentlər:
- Albalı şirəsi – 500 ml,
- Limon şirəsi – 50 ml,
- Şəkər tozu – zövqə görə,
- Bəzək üçün bir neçə albalı.
Hazırlıq prosesi:
Albalı və limon şirəsini şəkərlə qarışdırın. Qədəhlərə bir neçə albalı qoyun və 1/3 hissəsinə qədər şirə əlavə edin. Limonadın üzərinə soyuq mineral qazlı və ya qazsız su əlavə edin. Albalı limonadını həmçinin buzla birgə süfrəyə vermək olar.
Nuş olsun!

0 Yorumlar