Xınadan müvəqqəti tatuirovka

Müvəqqəti tatuirovka - bayram və ya toy üçün çox gözəl bəzək üsuludur. Xına ilə müvəqqəti tatuirovkanı özünüzdə edə bilərsiniz. Bu xüsusi xərc tələb etmir və texnologiyası çox sadədir.

Ev şəraitində müvəqqəti tatuirovka üçün lazım olacaq məhsullar:

  • xına;

  • sirkə;

  • şəkər, bal və ya fruktoza;

  • efir yağları;

  • qəhvə, çay və ya mixək.


Tərkibin hazırlanması üçün sizə xüsusi xına lazım olacaq. O adi xınadan daha xırda və tünd rəngdədir. Lakin adi xınadan da istifadə etmək olar, amma bu zaman şəkil daha az parlaq olacaq. Hazırlıqdan əvvəl xınanı ələmək lazımdır. Xınanın ələnmiş tozu qeyri-metal kasaya tökülür və üzərinə 1:3 nisbətində şəkər, bal və ya fruktoza əlavə edilir. Bu inqrediyentlər tatuirovka üçün hazır pastanın daha yavaş quruması və rəngin dəriyə daha dərin hopması üçün lazımdır. Qarışığın üzərinə xama konsistensiyası alınana qədər sirkə tökülür, qarışdırılır, kasanın ağzı bağlanır və bir gün otaq temperaturunda saxlanılır. Bundan sonra xınanın rənginin bir az tünd alınması üçün üzərinə tünd dəmlənmiş qəhvə, çay və ya mixək əlavə etmək olar. Həmçinin rəsmin daha uzun müddət qalması üçün bəzən bir neçə damcı efir yağlarından da istifadə olunur.

Tatuirovka üçün hazır kütləni qablaşdırma kağızından hazırlanmış xüsusi tübiklərə və ya şprislərə yerləşdirmək lazımdır. Tübiklər üçün qablaşdırma kağızından 10 sm ölçüdə kvadrat hissə kəsilir, konus formasında burulur, kənarları plastır ilə bərkidilir. Konusun ucunun nazik olmasına diqqət edin. Belə tübiklər soyuducunun dondurucu kamerasında lazım olana qədər saxlanılır, sadəcə istifadədən əvvəl onları bir az otaq temperaturunda saxlamaq lazımdır.

Tatuirovka necə çəkilir?

İşin başlanğıcından əvvəl tübiyin ucu incə kəsilir. Rəsm çəkmə zamanı tübiyin əsasını böyük barmağınız ilə sıxın. Müxtəlif qalınlıqda xətlərin alınması üçün müxtəlif diametrdə kəsikləri olan bir neçə tübik hazırlamaq olar.

İşin sadələşdirilməsi üçün əvvəlcə rəsmin konturunu adi qələm ilə çəkmək, sonra isə üstündən xına ilə getmək olar. Bu zaman daha çox şərq və hind stilində olan naxışlara üstünlük verilir, buta, yarpaqlar, güllər təsvir olunur.

Tatuirovka çəkdiyiniz dərinin səthindən artıq tükləri uzaqlaşdırmaq yaxşı olar. Sonra dəri evkalipt və zeytun yağının qarışığı ilə silinir ki, bu da dərini yumşaldır və rəngin daha dərin hopmasına imkan yaradır. Ayaq və ovuclarda xına yarım saat ərzində saxlanılır, bədənin başqa hissələrində isə 1-1.5 saat. Vaxt bitdikdən sonra xınanı təmizləyə bilərsiniz. Bu zaman əvvəlcə şəkil solğun-narıncı rəngdə olacaq, 1-3 gün sonra isə daha parlaq tünd çalar əldə edəcək. Xınanı sildikdən sonra tatuirovkanı yağ ilə silin, bu onu ətraf mühitin təsirindən qoruyacaq və xınanın quruyub yapışmış hissəciklərini uzaqlaşdıracaq. Alınmış şəkildən orijinal bəzək yaratmaq üçün onu qaşlar ilə bəzəmək olar.

Düzgün qulluq zamanı rəsm dəridə 3 həftəyə qədər qala bilər. Şəkili tez-tez zeytun və ya günəbaxan yağı ilə silin, xüsusi ilə duş qəbul etməzdən əvvəl. Həmçinin isti vannadan, hamam və saunadan, hovuzun xlorlu sularından uzaq dursanız yaxşıdır. Yuma zamanı şəkilin yerini liflə sürtməyin və skrabdan istifadə etməyin, həmçinin spirt tərkibli məhlullardan da istifadə etmək məsləhət deyil.

Əgər tatuirovkadan təcili azad olmaq istəyirsinizsə, bu zaman dərinin şəkil olan yerini buğa verib yumşaldın və lif ilə və ya skrab ilə təmizləyin. Həmçinin tərkibinə spirt daxil olan losyondan istifadə edə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar