Əgər siz sevdiyiniz insan ilə adi görüşlərdən bezmisinizsə və görüşlərinizi qeyri-adi və yadda qalan etmək istəyirsinizsə, bu zaman biz sizin ürəyinizcə ola biləcək bir neçə maraqlı ideya təqdim edirik.
- Retro üslubunda şam yeməyi. Qədimi üslubda bir restoran tapın və özünüzə vintaj görüş təşkil edin! Bu zaman hətta geyiminizi də həmin üsluba uyğunlaşdırıb özünüzü sanki 60-cı illərin cütlükləri kimi apara bilərsiniz.
- Ulduzlu səmaya tamaşa. Bunu harada və necə istəsəniz elə də etmək olar. Sadəcə axşam şəhərdən kənar bir yerə çıxaraq təbiət qoynunda ulduzları seyr edə bilərsiniz. Bir sözlə, şən, romantik, və ən əsası qeyri-adi bir gün keçirəcəksiniz!
- Avtomobil-kinoteatrı. Əgər sizin avtomobiliniz varsa - bu görüş üçün çox gözəl və maraqlı variant ola bilər. Bunun üçün sadəcə bir az pop-korn, çərəzlər və ya şirniyyat əldə edin və maşından çıxmadan kinoya baxmağa yola düşün!
- Roliklərdə gəzinti. Əgər sizin rolikləriniz varsa, bu zaman ən yaxın parka gəzintiyə çıxa bilərsiniz. Bu zaman nə qədər yıxılmağınız əhəmiyyətli deyil, siz şən və yadda qalan bir gün yaşayacaqsınız.
- Rəqslər. Bu məqsəd üçün siz gecə klublarını deyil, caz musiqisi olan sakit, rahat restoran seçə bilərsiniz və ya birlikdə xüsusi rəqs kurslarına gedə bilərsiniz.
- Velosiped gəzintisi. Velogəzinti birgə vaxt keçirtmək üçün əla səbəb ola bilər. Əgər sizin şəxsi velosipediniz yoxdursa, bu zaman onu dostlarınızdan ala bilərsiniz və ya dənizkənarı milli parkda kirayə götürə bilərsiniz. Artıq havalar istiləşməyə doğru gedir, bunun üçün bir az gəzdikdən sonra siz həm də yaşıllıqda kiçik piknik də təşkil edə bilərsiniz.
- Faytonda gəzinti. Şəhərdə fayton tapmaq elə də asan deyil, amma əgər istəsəniz atçılıq federasiyasına müraciət edə bilərsiniz və ya milli parka üz tuta bilərsiniz. Bu zaman siz gözlərinizi qısa müddətə bağlasanız özünüzü sevgilisi ilə romantik gəzintiyə çıxmış 19-cu əsrin baronessası kimi təsəvvür edəcəksiniz.
- Başqa şəhərə və ya rayona ekskursiya. Bu Azərbaycanın istənilən şəhəri və ya rayonu ola bilər. Bu zaman sizin orada görəcəkləriniz deyil, yaz havasından həzz alaraq birlikdə vaxt keçirməniz əsas olacaq.
- Oyun avtomatları. Uşaqlığınızı xatırlayın. Bunun üçün oyun avtomatlarından istifadə edin, əyləncə mərkəzlərində maşınlarda ötüşün, xüsusi ayrılmış yerlərdə xizək gəzintisinə çıxın və s.
0 Yorumlar