Saçlar üçün spa-prosedurlar
Saçlar üçün spa özündə saçların artmasına və gücünə müsbət təsir edən, həmçinin baş dərisini yaxşılaşdıran prosedurları cəmləşdirir.
Bu prosedurlara aiddir:
- Xüsusi vannalar. Prosedur saç tipinə uyğun xüsusi şampundan istifadəni nəzərdə tutur. Belə ki, yağlı saçlar üçün tərkibində xiyar, nanə, rozmarin olan şampunlardan, quru saçlar üçün isə tərkibində çobanyastığı, buğda, novruzgülü (yaz bitkiləri), papaya olan vasitələrdən istifadə olunur. Belə şampunların tərkibindəki vitaminlər saçları qidalandırır və nəmləndirir, yağlar isə baş dərisinin iltihabı və xəstəlikləri ilə mübarizə aparırlar.
- Başın masajı. Bu yalnız relaksasiya proseduru kimi deyil, həm də müalicə məqsədləri ilə tətbiq olunur. Masajın sayəsində baş dərisində saçların artmasını stimullaşdıran qan dövranını yaxşılaşdırmaq mümkündür. Başın masajı üçün dərini nəmləndirə biləcək ətirli cövhərlərlə hazırlanmış xüsusi gellərdən və yağlardan da istifadə etmək olar.
- Kompreslər, maskalar. Bu, baş dərisinin qidalanması, nəmləndirilməsi, saçların strukturunun bərkidilməsi üçün istifadə olunan ən faydalı spa prosedurlarından biridir. Saçlar və baş dərisi üçün maskaların və kompreslərin tərkibinə vitaminlər, minerallar, müalicəvi yağlar, müalicəvi bitkilərin cövhərləri, həmçinin yosunlar, gil və başqa məhsullar da daxil ola bilərlər. Maskalar kompreslərdən onunla fərqlənir ki, onları saçlara çəkib sonra yumaq lazımdır. Kompresləri isə saçlara çəkdikdən sonra nazik paketlə bağlayırıq, üstündən dəsmal örtürük və bir müddətdən sonra yuyuruq.
- Balzamlar və esensiyalar. Spa prosedurlarının son mərhələsi də saçlara qidalandırıcı və qoruyucu balzamların çəkilməsidir.
Ev şəraitində saçlar üçün spa prosedurlarına başlayaraq, ilk öncə yüksək əhval ruhiyyədə və rahatlanmış formada olmalısınız. Əks halda spa-prosedurunun əsas məqsədinə (relaksasiya) nail ola bilməyəcəksiniz. Bu prosedur zamanı həm hazır kosmetik vasitələrdən, həm də ki ev şəraitində hazırlanmış maskalardan, balzamlardan, kompreslərdən istifadə etmək olar.
Banan və avokado ilə qidalı maska
İnqrediyentləri: 1 banan, 1 avokadonun yarısı, 1 yumurta, 2 xörək qaşığı bal, 3 xörək qaşığı qaymaq, 2 xörək qaşığı zeytun yağı.
Bananı avokado ilə püre vəziyyətinə qədər əzin, sonra yumurta, bal, qaymaq və zeytun yağını əlavə edib yaxşı-yaxşı qarışdırın. Maskanı saçların köklərindən uclarına qədər çəkin, yarım saatdan sonra isə saçlarınızı yuyun.
Şaçlar üçün çaydan hazırlanmış yaxalayıcı
İnqrediyentlər: qara çay, limon şirəsi.
Tünd dəmlənmiş qara çayı isti suya əlavə edin, bir az soyuduqdan sonra üzərinə limon şirəsi sıxın. Hazır qarışıqla saçlarınızı şampunla yuduqdan və ya maskalardan sonra yaxalaya bilərsiniz.
Saçların tökülməsinin qarşısını alan masaj yağı
İnqrediyentlər: 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı aloye yağı, 3 damcı reyhan yağı, 3 damcı lavanda yağı, bir çimdik qırmızı istiot.
Bütün inqrediyentləri qarışdırın və 10 dəqiqə ərzində saçlara çəkin. Sonra isə sadə şampunla saçlarınızı yuyun. Maskanın tərkibində olan istiot həm də baş dərisində qan dövranını yaxşılaşdıracaq.
Saçlar üçün spa prosedurları sizi yaxşı əhval-ruhiyyəyə yükləyəcək, həm də saçlarınızı parlaq, sağlam və sözəbaxan edəcəklər.

0 Yorumlar