At ilində başımıza nələr gələcək?

At ilində başımıza nələr gələcək? - Səbuhi Rəhimlinin proqnozu
Siçovul

Astroloji göstəricilərə inansaq, 2014-cü il sizin üçün kifayət qədər mürəkkəb keçəcək. Ələlxüsus da Novruz bayramına qədər ailə-sevgi münasibətlərində, karyerada, eləcə də maliyyə məsələlərində çoxsaylı problemlərlə baş-başa qalacaqsınız.

Yalnız apreldən başlayaraq qarşınızı kəsən çətinlikləri dəf etməyi bacaracaqsınız. Bu istiqamətdə sizə köhnə dostlarınız da yardım edəcək.

Unutmayın ki, Atla siz düşmənsiniz. Çünki o, harada Siçovul görürsə, əvvəl hürkür, sonra isə onu tapdalamaq üçün nallı ayaqlarından istifadə edir. Bu səbəbdən də məqam gözləmək il ərzində üzərinizə düşən başlıca vəzifə olacaq. Avqust istisna olunmaqla, ilin qalan günlərində tədbirli olsanız, 2014-cü ildən tamamilə razı qalacaqsınız.
Öküz

Daşıyıcısı olduğunuz Öküz təhvil olunan Atla nisbətən mülayim ünsiyyətdədir. Ən azı ona görə ki, onların hər ikisi ev heyvanlarıdır. Bir də onların qarşı-qarşıya gəlməsi nadir hallarda baş verir. Deməli, əmin olmalısınız ki, bu il heç bir təhlükə ilə qarşılaşmayacaqsınız.

Şərq təqviminə görə il ərzində sizi maraqlı görüşlər, perspektivli sövdələşmələr, yeni iş və vəzifələr, o cümlədən romantik səyahətlər gözləyir. İlin ikinci yarısını isə daha gözəl keçirəcəksiniz. Bəxtinizdə toy-nişan da var. Pul məsələlərinə gəlincə, nə qədər təmkinli, səliqəli və məsuliyyətli olsanız, büdcəniz də bir o qədər inkişaf edəcək.
Pələng

Əgər siz yaradıcı adamsınızsa, il boyu ovqatınız yüksək olacaq. Bu amil daha çox yazıçı və şairlərə, incəsənət xadimlərinə, okkultik elmlərlə məşğul olanlara və jurnalistlərə aiddir. Fevralın sonundan may ayına qədər böyük şöhrətə doğru ilkin addımlar atacağınız da labüddür. Amma doğmalarınızla, həmçinin qohum-əqrabalarınızla münasibətləri hədəqəsindən çıxarmayın.

Əks təqdirdə şöhrət və izzət səltənətində tək qalıb xiffət çəkəcəksiniz. İlin ikinci yarısından etibarən yeni iş planlarınızı ləyaqətlə reallaşdıra biləcəksiniz. Müştərək biznes fəaliyyətinə başlamaq, büdcəni ideal səviyyəyə çatdırmaq üçün kifayət qədər şans qazanacaqsınız.
Pişik

Əgər il ərzində səhhətinizi qorusanız, digər məsələlərdə ciddi narahatçılığınız olmayacaq. Yaxşı bilirsiniz ki, əksər peyğəmbərlərimiz pişikləri çox seviblər. Hətta ona tumar da çəkiblər.

Bu faktı yadınıza salıb, 2014-cü ildə dinə-imana gələcək, Tanrının kamilliyindən bəhrələnəcəksiniz. Əgər bu tövsiyələrimizə əməl etsəniz, ilin sonuna qədər ətrafınızda olanların sizə qarşı rəğbəti birə-beş qat artacaq. Daha həmişəki kimi münaqişəli situasiyalara cəlb olunmayacaq, əksinə müttəfiqlərinizin sayını artıracaqsınız.
Əjdaha

Yaxşı bilirsiniz ki, xarakterinizdə olan çılğınlıq yetişməkdə olan Ata o qədər də xoş gəlməyəcək. Əgər təmkin göstərə bilməsiniz, uğursuzluqlarınız arta bilər. Yalnız səbir nümayiş etdirməklə xoşagələn nəyəsə nail ola bilərsiniz.

Yanvar-fevral aylarını gərgin tərzdə başa vursanız da, sonrakı üç ayda necə deyərlər, “yaralarınız sağalacaq”. Bir şeyi də unutmayın ki, yay aylarında sizi dost xəyanəti gözləyir. Bu səbəbdən də insanları yaxından tanımağa müvəffəq olmalı, iştirakçısı olduğunuz prosesləri diqqətlə izləməlisiniz. Sentyabrın ikinci yarısından etibarən ümumi ovqatınız sakit tərzdə cərəyan edəcək.
İlan

İlinizin 12 illik fasiləyə hazırlaşmasından narahat olmayın. Çünki qarşıdan gələn Atın qədəmləri ən qlobal problemlərinizin həlli üçün ideal olacaq. Bu vaxta qədər daxili hisslərinizlə tək qaldığınız təqdirdə, 2014-cü ildə yeni dost və sirdaşlarınız sayəsində qəlbiniz riqqətə gələcək. İtkilərə də hazır olun. Unutmayın ki, bir gün yaranan bir gün də öz dünyasına çəkiləcək.

Astroloji göstəricilər may və oktyabr aylarında bir neçə sürprizlə rastlaşacağınızı bəyan edir. Qaynar avqust isə sizin üçün ən sıxıntılı ərəfə olacaq. Həmin dövrdə köhnə problemləriniz baş qaldıra bilər. Yaxınlarınızla məsləhətləşmə vasitəsiylə bu problemləri həll edin.
At

Nəhayət 12 illik fasilədən sonra sizin dövranınız da yetişməkdədir. Yəqin ki, ötən ilin dekabrından buna hazırlaşmısınız. Hiss olunur ki, ovqatınız yüksək səviyyədədir. Hələ bunlar harasıdır. Elə ki At ili başlandı (31 yanvar), iştirakçısı olduğunuz proseslər o qədər zəngin keçəcək ki, özünüzü xoşbəxt sanacaqsınız.

Sevgi məcaraları, ətrafdakıların rəğbəti, karyerada yüksəliş, yeni dostlar sizi fərəhləndirəcək. Yay aylarında sizə əsas vaxtınızı istirahətə yönəltməlisiniz. Aprel və sentyabr aylarında rastlaşdığınız maliyyə problemləri yalnız ötəri xarakter daşıyacaq. Çünki ilin qalan aylarında büdcəniz əla vəziyyətdə olacaq. Özünüzü düşmənlərdən qoruyun.
Keçi

Ulduzların düzümü ötən ilin sizin üçün çox gərgin keçdiyini bildirir. Amma 2014-cü ilin fevralından başlayaraq əksər sahələrdə vəziyyətiniz dirçələcək. Atın taleyinizdə oynadığı ən önəmli rol isə sizə məşhurluq və var-dövlət gətirməsi olacaq. Sağlıq durumunuz isə may ayından etibarən qaydasına düşəcək.

Bir qədər qohum-əqrabanızla aranızda soyuqluq yaranacaq. Təəssüf ki, Göy qübbəsi ilin sonuna qədər münasibətlərin bu formadan çıxmayacağını bəyan edir. Ailə qurmaq üçün isə yalnız payızı gözləməlisiniz.
Meymun

2014-cü ildə üzərinizə düşən başlıca vəzifə hamıya qarşı diqqətli olmaqdan ibarətdir. Nəzərə alın ki, xırda bir yalnışlıq bütün planlarınızı alt-üst edə bilər. Bu yola isə getməməlisiniz. Ən azı ona görə ki, qarşıda sizi böyük karyera gözləyir.

Bu vaxta qədər sizə laqeyd olanlar Novruzdan başlayaraq əqidənizi qəbul edəcəklər. Bu səbəbdən də dostlarınız kifayət qədər artacaq, üstəlik, onların vasitəsilə bir çox maneələri dəf edəcəksiniz. Sevgi tellərinizin möhkəmlənməsinə xidmət edən At xəyanətdən uzaq olmağı məsləhət görür. Büdcə və səhhətlə bağlı vəziyyətiniz isə enişli-yoxuşlu olacaq.
Xoruz

Xarakterinizdə olan lovğalıq və özündənrazılıq kimi mənfi keyfiyyətlərə son qoysanız, At sizi əzizləyəcək. Özü də hiss olunur ki, 2014-cü ildən çox şey gözləyirsiniz. Deməli, “ayağınızı yorğana görə uzatmalı”, “gəmidə oturub gəmiçi ilə dava salmamalısınız”.

Əgər belə etsəniz, aprel-avqust və noyabr-dekabr aralığında tale üzünüzə güləcək. Vəzifə almasanız belə, vəzifəlilər sizə qibtə edəcək. Bu il ən uğurlu gedişiniz ailə-sevgi və mənzillə bağlı olacaq. Bəri başdan “Mənziliniz mübarək!” deyirik. Amma ulduzlar əcnəbi vətəndaşlarla işbirliyi yaratmağınızın əleyhinədir.
İt

Əzablı günlərinizin bir daha təkrar olunmamasını istəyirsinizsə, qarşıdan gələn At ilinə ümid bəsləyin. Bu yəhərli məxluq sizi ağ günlərə çıxara bilər.

Yalnız martda və noyabrda bəzi şəxsi problemlərlə rastlaşacaqsınız ki, bu da öz səhviniz ucbatından baş verəcək. Karyera və biznesdə isə bəxtiniz gətirəcək. Amma nədənsə ulduzlar sevgi amilini ikinci plana keçirəcəyinizi göstərməkdədir. Çalışın ki, bu məsələdə daha aktiv olasınız. Düzdür, ilboyu dostlarınız artacaq, lakin bu, sevgini üstələməməlidir. Yay aylarında isə ambulator müayinədən keçməyiniz lazım gələcək.
Qaban

Böyük ümidlərlə yaşamaqdasınız. Çünki ötən il demək olar ki, başlıca problemlərinizin əksəriyyəti yarımçıq qalıb. Elə düşünməyin ki, zəiflik göstərmisiniz, xeyir! Sadəcə olaraq perspektivlərinizi reallaşdırmaq üçün vaxt yetişməyib. Amma Atın “hakimiyyətə” gəlməsi bağlı qalan bütün qapıları üzünüzə açacaq.

Düzdür, karyerada zirvələri fəth etməyəcəksiniz, lakin maliyyə və iş barədə uğurlarınız kifayət qədər olacaq. Ən başlıcası isə insanlara qarşı münasibətləriniz dəyişəcək, təmkinli və müdrik bir şəxsə çevriləcəksiniz. Dostluq və sevgi barədə isə heç bir narahatçılığınız olmayacaq. Şəxsi büdcənizdə və səhhətinizdə cərəyan edən proseslərdən də məmnun qalacaqsınız.

BİZİM BİLDİYİMİZ BU QƏDƏR, ƏN DOĞRUSUNU TANRI BİLİR!

Səbuhi Rəhimli

Yorum Gönder

0 Yorumlar