Pas ləkəsini necə yox edək?

Qırmızı-qəhvəyi pas ləkələri istənilən əşyanın xarici görkəminə zərər gətirir.

Bu ləkələr ən çox keyfiyyətsiz metaldan istehsal edilmiş dəmir düyməli paltarların yuyulmasından sonra əmələ gəlir. Ev şəraitində bu pas ləkələrinə qarşı bir neçə üsuldan istifadə edə bilərsiniz.

  • Pas ləkəsini limon şirəsi ilə çıxarmaq olar. Bunun üçün ləkəni limon şirəsində yaxşıca isladın, sonra parçanın üstünə tənzif qoyaraq həmin ləkəni qaynar ütü ilə ütüləyin. Daha sonra pas ləkəsini bir daha limonlu suda isladın və ilıq suda yaxalayın. Əgər ləkə birinci dəfədən yox olmasa, proseduru təkrarlayın. Limon şirəsi ilə çaxır, mürəkkəb və ütü ləkəsini də çıxarırlar.

  • Limonun əvəzinə limon duzu da istifadə etmək olar. 1 çay qaşığı limon duzunu suda həll edin və su hamamında isidin. Ləkəli hissəni həmin suda isladın və daha sonra ilıq su ilə yaxalayın.

  • Paltardan pas ləkəsini iyox etmək üçün ləkəli hissəni sirkəli suda islatmağınız gərəkdir. Bunun üçün 2 xörək qaşığı sirkə essensiyasını təmiz suda həll edin və alınmış məhlulu emallı qabda 80-90°С dərəcəyə kimi isidin.  Pas ləkəsini 5 dəqiqəlik həmin suda islağa qoyun, daha sonra içinə 10% amonyak  əlavə edilmiş (2 litr suya 1 xörək qaşığı) ilıq suda yaxalayın. Təsvir etdiyimiz məhlulu ot, tər, mürəkkəb və yapışqan ləkəsini də çaxartmaqda istifadə edirlər.

  • Zamşa ayaqqabı və əlcəklərin üstündən pas ləkəsini çıxarmaq üçün amonyakda isladılmış fırça ilə təmizləməniz lazımdır. Bunun üçün 1 xörək qaşığı amonyakı 5 xörək qaşığı suda həll edin və bu məhlul ilə ləkəni silin. Daha yaxşı nəticə əldə etmək üçün ləkəni bir daha sirkə ilə silirlər (1 litr suya 1 çay qaşığı sirkə) və gündə qurumağa qoyurlar.

  • Rəngli əşyalardan pas ləkəsini çıxarmaq üçün eyni nisbətdə qliserin, sabun və suyu qataraq pas ləkəsini silirlər və 24 saat saxladıqdan sonra əşyanı ilıq suda yaxalayırlar.

  • Pas ləkəsi təbii tərkibli ağ parçaya düşübsə, 2% xlorid turşusu istifadə edirlər. Çiklənmiş hissə məhlulda bir neçə dəqiqəlik islağa qoyulur. Ləkə yox olduqdan sonra əşyanı amonyak əlavə edilmiş (bir litr suya 3 xörək qaşığı amonyak) su ilə yaxalayırlar.


Ləkə çıxarmaq üçün turşulardan istifadə edərkən ehtiyatlı olun. İlkin olaraq bu vasitəni parçanın astarında yoxlayın. Həmçinin bu vasitələrdən istifadə edərkən rezin əlcək geyinməyi unutmayın.

Yorum Gönder

0 Yorumlar