Mübahisə hər insanı bezdirir. Amma onu da unutma ki, hərdən dalaşmaq münasibətləri bir səviyyə qaldıra bilir. Zarafat etmirik!
Mina Azodi
Dediyin sözü geri götür
Mübahisə zamanı onun qəlbini qıran söz demisən. Əlbəttə, sən onu incitmək istəmirdin, amma sadəcə “Bağışla!” deməklə vəziyyəti düzəltmək mümkün deyil. Hər şeyi unudub barışmaq və daha xoş əhvala köklənmək üçün məsləhətlərimizə əməl et.
Sənin Günahın | Günahını Yu | Onun Reaksiyası |
Ona "kütbeyin" demisən. | Onu təhqir etdiyin üçün yanındaca özünü danla və de: "Sənə kütbeyin dediyim üçün əsl kütbeyin elə özüməm!". | Əgər özünü "kütbeyin" adlandıra bilirsənsə, ona aydın olacaq ki, əslində, həmin sözü qəsdən deməmisən. |
Onu ayrılmaqla hədələmisən. | De ki, qərəzli danışmısan, bu ifadəni bir də işlətməyəcəksən, münasibətlərinə çox qiymət verirsən. | Onun inamını sarsıtmısan. Ona hiss etdir ki, aqressiv reaksiya göstərmisən və gərək, o fikri səsləndirməyəydin. |
Gözlənilmədən onu təhqir etmisən. | Çətin olacaq, amma çox çalışsan, öhdəsindən gələrsən. Hər hərəkətinlə dediklərinin yanlış olduğunu vurğula. | Konkret fikirlər səsləndirib, səbəblər gətirərək, nə qədər haqsız olduğunu etiraf etməklə banşığa nail ola bilərsən. |
Ona "Sənə nifrət edirəm!" demisən. | Ona de: "Uşaq kimi şıltaqlıq etmişəm və həmin uşağın həmişə sənə ehtiyacı var". | O anlayacaq ki, sənin qayğı və nəvazişə ehtiyacın var, o sözləri deməyinə səbəb sənə qarşı soyuqluğu olub. |
Barışmaq üçün Ona toxun
Araşdırmalar göstərir ki, “eşq-meşq” hormonu olan oksitosin ifraz edən beyin daha çox sevməyə qadirdir. Ona masaj təklif et, çox güman ki, etiraz etməz (kim edər ki?). Xüsusi hərəkətlərlə onun beynində həmin hormon ifrazını təmin edə bilərsən.
Baş dərisi: Hər iki əlinlə onun başını şampunlayırmışsan kimi masaj etməyə başla. Asta-asta və fasiləsiz hərəkətlərlə baş dərisinin masajından sonra, əllərini boyun nahiyəsinə doğru sürüşdür.
Alın: Hər iki barmaqlarının ucu ilə dairəvi hərəkətlərdən istifadə edərək, masaj et. Sonda isə saçlarının dibinədək qalx və saç dibinin masajına başla.
Çənə nahiyəsi: Baş barmağınla onun çənəsini aşağıya doğru yavaş-yavaş masaj etməyə başla. Daha sonra isə əllərini onun çənə sümüyü boyunca hərəkət etdir. Bütün bunları edərkən nəvazişinin və sevginin də əskik olmamasına diqqət yetir.
Əsəbləri sakitləşdirən qəlyanaltı
Pis xəbər: Bir-birinizə hirslənəndə hər ikinizin bədənində adrenalinin miqdarı o qədər artır ki, özünənəzarəti itirirsiniz. Yaxşı xəbər: Karbohidratla zəngin məhsullar yeməklə bu yorucu və ürəksıxıcı hissi özündən uzaqlaşdıra bilərsən. Belə ki, karbohidratlar beyində serotin ifrazını artırır və əhvalın yüksəlməsinə xidmət edir. Faydalı məhsullar kimi popkorn və ya yağsız pendirlə naços tövsiyə olunur.
Barışıq mətni
Yuta Universitetinin araşdırmalarına görə, baş verənlərə yumorla yanaşmaq cütlükləri yenidən bir araya gətirmək üçün çox yaxşı üsuldur. Gülüş iki funksiyanı yerinə yetirir. Birincisi, gülüş gərginliyi aradan qaldırır, ikincisi, eyni şeyə gülmək bir-birinizə nə qədər yaxın və doğma olduğunuzu xatırladır. Ona görə, YouTube-da maraqlı və gülməli bir çarxın linkini onun e-mail ünvanına göndər və əlavə olaraq, səmimi bir mesaj yaz: "Bu video qəmli olanda məni güldürürdü. Ümid edirəm, sənin də əhvalını yüksəldər".
Hirsinin soyuması üçün ona nə qədər vaxt lazımdır?
Mübahisədən sonra bərpa olunmağa nə qədər zaman tələb olunduğunu oğlanlardan soruşduq. Cavablar maraqlı idi. Bizim məsləhətimiz (Budur ki, bu vaxtlarda onun gözünə görünməyəsən, hirsi soyuduqdan sonra özü səni axtaracaq.
Ona Yanaşma Tərzini Müəyyənləşdir
Əksər insanlar mübahisəni üç yolla həll edirlər. Hansı qrupa aid olmanızdan asılı olaraq, mübahisənin həlli üsulları da fərqlidir. Öz tipini müəyyənləşdir, münasibətində yaranan çətinlikləri bizim məsləhətlərlə həll et.
- Zombi - Bu tip insanlar özlərinə qapanacaq və heç nə deməyəcək
- Küsəyən - Bu tip insanlar hər detal üzərində baş sındıracaq və heç nəyi unutmayacaq.
- Amneziya qurbanı - Hansı mübahisə? Hər şeyi görməzdən gələcək.
Zombi+Küsəyən=
Hər ikisi məsələnin həllindən çox baş verənlərin şokunu yaşayır. Səni barışığa nə vadar edər? Üzrxahlıq? Peşmanlıq? Nə lazım olduğunu dəqiq biləndən sonra ona de: “Əgər_etsəydin, mənə kömək etmiş olardın”. Sonra ondan özünü yaxşı hiss etməsi üçün nə edə biləcəyini soruş.
Amneziya qurbanı+Amneziya qurbanı=
Hər ikinizin də bu davaya laqeyd yanaşmanız yaxşı hal ola bilər. Amma səbəbiniz tutarlı idisə, bunu müzakirə etmək lazımdır, yoxsa narazılıq böyüyər. Gün ərzində müzakirəyə 20 dəqiqə zaman ayırın. Nəticəyə gələ bilməsəniz, müzakirəni başqa vaxta keçirin.
Amneziya qurbanı+Zombi=
Əgər sən “Amneziya qurbanı”sansa, ilk addımı özün at. Ona de ki, hələ də qəzəbli olduğunu bilirsən, danışmaq istədiyi vaxt olanları müzakirə etməyə hazırsan. Amma susub-dinməyən sənsənsə, ən azından, onunla barışmaq istədiyini anlat və qoy, o da eynisini təkrarlasın.
Küsəyən+ Küsəyən =
Hər ikinizin beyninə istirahət lazımdır. Bir yerdə daha çox vaxt keçirməyə çalışın. Maraqlı əyləncələr tapın, bir yerdə nahar hazırlayın və ya sadəcə, şəhərin gəzməli yerlərində əl-ələ dolaşın. Aktiv həyat tərzi keçirməniz hər ikinizə davanı arxada qoymağa kömək edəcək.
Küsəyən+Amneziya qurbanı =
Baş verənləri ört-bısdır etməyin tərəfdarı sənsənsə, anlamalısan ki, qarşındakı insan qəzəblidir. Ona belə deyə bilərsən: “Olanları sənin üçün belə əhəmiyyətli olduğunu bilmirdim”. Yox, əgər hirsli tərəfsənsənsə, gərək Amnezia Qurbanını açıq “duel”ə çağırasan.
Zombi+Zombi=
Bu cütlük üçün sözlər deyil, hərəkələr məsləhət görülə bilər. Hərəkətə keç: onun əlindən tut, masaj et və ya möhkəm qucaqla. Toxunuşlarınla ona inamını və məhəbbətini nümayiş etdirdikdən sonra, sözlərə keçmək asanlaşacaq və siz olanları müzakirə edə biləcəksiniz.
Həyat davam edir
Ola bilər ki, sevgilinlə barışmısan, amma onun etdiyini hələ də unuda bilmirsən. Doğru deyiblər, söz yarası sağalmır. Neqativ duyğulardan azad olmaq üçün gözlərini bağla və bir neçə saniyəlik baş verənləri xatırla. Yataqda uzanaraq olanları film kadrı kimi gözlərinin önündə canlandır. Sonra isə başını arxaya doğru əy. Bu, bir neçə saniyəni alacaq, amma avtomatik olaraq beynin neqativ fikirlərdən qurtulmuş olacaq. Həyat davam edir...
Kişilərin Şikayətləri
Mübahisə zamanı hansı hərəkətlərimizin onları qıcıqlandırdıqlarını soruşduq....
“Ən nifrət etdiyim hərəkət mübahisədən sonra iti qucaqlamasıdır. Buna nifrət etmək də uşaqsayağı səslənir, amma özümü saxlaya bilmirəm. Əsəblərimi cilovlamağa çalışıram. Halbuki, o itin yerində mən ola bilərdim”.
—Elvin M.
“Hər dəfə Facebook lövhəsində” Əzizim, mən çox xoşbəxtəm ki, biz artıq dava etmirik” kimi cümlələr yazır. Bu fikrin özü xoşuma gəlir və onu xoşbəxt etdiyimə görə sevinirəm, amma hər mübahisəmizdən dostlarımın xəbər tutmasının tərəfdarı deyiləm”.
—Musa F.
“Hər davada mənə “Yenə bu yaxşıdır, keçən dəfəki davamız, ümumiyyətlə, səbəbsiz oldu” deməsinə dözə bilmirəm. Olub-keçənləri yenidən gündəmə gətirməsi əhvalımı pozur”.
—Tamerlan P.
“Nəyə görə mübahisə etməmizdən asılı olmayaraq, o, hər dəfə dava-dalaşdan sonra mürgüləyir. Mən isə əksinə, əylənmək istəyirəm”.
—Vahid B.
“Məni narahat edən tək şey hər dəfə mübahisə etdikdən sonra onun qonşu otaqda rəfiqəsinə bütün olanları detalları ilə telefonda danışmasıdır. Mənə elə gəlir ki, onun həmişə kiminsə müdafiəsinə ehtiyacı var”.
—Gündüz C.
“Hər mübahisədən sonra, onun “Hər şey yaxşıdır?” sualına cavab vermək məcburiyyətində olmaq məni təngə gətirib. Aydın məsələdir ki, biz mübahisəyə son qoymadıqca, hər şey qaydasında olmayacaq”.
—İlqar N.
“Ən sevmədiyim hərəkəti dava edəndən sonra məni şirin ləqəblərlə çağırmasıdır. Bunu məcburiyyətdən edir”.
—Cavidan S.
Səni bağışlaması üçün xüsusi toxunuş tərzi
Başını sinəsinə doğru əy. Qoy, boynun görünsün. Bu məzlum vəziyyətlə təslim olduğuna işarə etmiş olacaqsan. O isə düşünəcək ki, səhvini anlamısan. Eyni zamanda, bir əlini onun qoluna qoy. Bu incə toxunuş onun ürəyini yumşaldacaq və səni bağışlamağa cəsarətləndirəcək.
Səni bağışlayıram cümləsinə bərabər jesti
İlk öncə, bədəninin onunla paralel olmasına diqqət et. Bununla onu diqqətlə dinlədiyini göstərəcəksən. Danışan zaman qollarını
çarpazlaşdırma. Sən onun sözlərinə açıq olmalısan. Ovuclarını açıq vəziyyətlə ona yönləndirilmiş şəkildə saxla. Bunun psixoloji əhəmiyyəti böyükdür. Onunla bu tərzdə danışsan, anlayışlı olduğunu başa düşəcək.

0 Yorumlar