Ərzaqlar
- 2 stəkan əla növ un
- 2 çay qaşığı qabartma tozu (baking powder). Əgər yoxdursa, 2/3 çay qaşığı soda ilə əvəz edin.
- 1/2 çay qaşığı duz
- 1/2 stəkan otaq hərarətində yumuşaldılmış kərə yağı (ərinmiş yağ deyil)
- 1 stəkan şəkər tozu
- 4 yumurta
- 1 stəkan qatıq (turş olmasın)
- 1 stəkan qarışıq giləmeyvələr (istədiyiniz giləmeyvədən 3 növ seçin: çiyələk, moruq, böyürtgən və sairə. Çiyələkdən istifadə edəcəksinizsə, onu iri-idi doğrayın. Digər giləmeyvələr bütöv qalsın).
- 2 xörək qaşığı sürtkəcin iri dişindən keçirilmiş portaqal qabığı (istəyə görə limon qabığıyla da əvəz oluna bilər).
QEYD: Burada qış boyu dükkanlarda buzluqda saxlanan giləmeyvələr satılır (frozen berries). Əgər yaşadığınız yerdə bundan satılırsa, təzə giləmeyvələrin əvəzinə istifadə edə bilərsiniz. Buzluqdan çıxardıb, əritmədən, buzlu-buzlu xəmirə qatın.
- Sobanı 180C-dək qızdırın.
- Bir qabda un, qabartma tozu və duzu qarışdırın.
- Başqa iri bir qabda yağı və şəkəri mikserlə ağaranadək çırpın. Yumurtalarl bir-bir əlavə edərək, çırpın. Sonra qatığı əlavə edib qarışanadək çırpın. Unlu qarışığı bu qarışığa əlavə edib, bütün ərzaqlar qarışanadək çırpın.
- Giləmeyvə və portaqal qabığını alınan kütləyə əlavə edib, giləmeyvələri əzmədən qaşıqla qarışdırın.
- 21 X 11 santimetr ölçüləri olan keks formasının (kərpic şəklində olan forma) dibini və kənarlarını azacıq yağlayın.
- Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta rəfində təxminən 70 dəqiqə ərzində, üstü qızaranadək bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Keks ancaq tamamilə soyuduqdan sonra kəsilməlidir.
Nuş Olsun!

0 Yorumlar