Ünvana çatdırılanadək bilmirsən ki, ayaq ölçünə uyğun gələcək, ya yox. Birdən kiçik ölçülü oldu, birdən keyfiyyətsiz çıxdı? Buna baxmayaraq, internet tanışlığı günümüzün əsl "Love-trend"idir.
Nigar Mirzəyeva
Özünü dəbli hesab edən hər qızın qarderobunda dəri ətək olduğu kimi, təcrübələrində də bir çat-tanışlıq hekayəsi var. Müasir modanın seçimi smart-casualdan, insanların seçimi isə internet-tanışlıqdan yanadır. Bəlkə də məsələ insan psixologiyasının ünsiyyət kompleksindədir? Üz-üzə gələndə özünüifadədə böyük çətinlik yaranır, həm də qarşı-qarşıya gəldikdə insanı aldatmaq çətin olur, çünki insanın özündən əvvəl onun jestləri, baxışları, adicə gəzişi qarşıdakına müəyyən informasiya ötürür.
Nitqdə də müəyyən çətinlik yaranır. Amma internet tanışlığı bütün bunlardan azaddır. İnternetdə özünü təsvir etdikdə geniş leksikon formalaşır, müxtəlif sehrli sözlər qarşındakını təsir altına salır. İnsanlar sirrə və müəmmaya meyilli olduqlarından, internet-tanışlıq onların həyatına nəşə qatır. Ev paltarında, düzənsiz saçlarla istənilən xarakterli şahzadə ilə münasibət qurar və özünü tam sərbəst hiss edə bilirsən. Bütün “sonalama”lar bitdikdən sonra isə sənə həmin insanla münasibət yaratmaq qalır. Onun sənin xasiyyətdə birisi olmadığını öyrəndikdə isə boşuna bəzəndiyin zamana və alış-verişə xərclədiyin pula heyfin gəlməyəcək.
Təkcə balaca qızlar xəyallarında ağ atlı şahzadə obrazı yaratmır. Bütün insanların ideal həyat yoldaşı, iş, mühit və cəmiyyət obrazları olur, sadəcə, real olmaq xatirinə onları unudur, bədii obrazlarımızdan uzaqlaşırıq. Bəzilərimiz incəsənətə meyillənir, sənət əsəri yaradır, digərlərimiz həyat hadisələri uydurur, bu yalanlarla maraqlanan auditoriyaya onları satmağa çalışırıq. Bunun daha mədəni və müasir yolu da internet tanışlığıdır.
“Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyirlər. Odur ki, qızlarımızın internet-tanışlıq hekayələrini araşdırdıq.
Bağışlayın, sizi tanıya bilmədim
Aydan, 24 yaş, bank işçisi
Özümə Facebook ünvanı açmağa vaxt tapmırdım, gah deyirdim ki, sabah açaram, gah deyirdim, sonra vaxtım olar, yaradaram. Sabahların bitməyəcəyini anlayan rəfiqəm kömək əlini uzatdı, mənə Facebook ünvanımı tam hazır şəkildə təhvil verdi. Qalırdı, sadəcə ondan istifadə etmək. Bir gün şəxsən tanış olmadığım qızlardan biri mənə dostluq təklifi göndərdi. Sözsüz ki, mən də qəbul etdim. Ondan kim olduğunu soruşdum, mənimlə eyni universiteti bitirdiyini dedi, amma nə qədər düşündümsə, xatırlaya bilmədim. Onu dostluğumda saxladım, hərdən söhbətləşirdik – adi qadın problemlərindən, avtobusda insanların üst-üstə getməsindən, oğlanlardan və s. Ona, hətta təzəcə ayrıldığım oğlan barədə də danışmışdım.
Hər şey öz axarı ilə getdiyi bir vaxtda, ondan mesaj aldım. Mesajda deyilirdi ki, məndən üzr istəməlidir, çünki o, düşündüyüm insan deyilmiş, əslində, mənimlə bir universitetdə də oxumayıb və ümumiyyətlə, bilərəkdən qız adı ilə qeydiyyatdan keçib, mənə dostluq göndərib. Mesajı oxuduqda dəhşətdən gözlərim böyüdü, çox qəzəbləndim, yadıma onunla danışdığım mövzular düşəndə isə çox utandım.
Ardınca “Səni həyatda da tanımaq istərdim”, “Səndən xoşum gəlməsəydi, bunu heç etiraf etməzdim” kimi mesajlar yazmışdı. Amma mesajları sonadək oxumadan sildim və onu dostluqdan çıxardım. Bu hadisədən il yarım keçdi. Onun rəfiqəmin qardaşı ilə dost olduğunu, məni də rəfiqəm vasitəsilə tanıdığını öyrəndim. Rəfiqəmin nişanında görüşdük, ona heç nəyi xatırlatmamaq qərarına gəldim. Bu qədər vaxt keçəndən sonra hirsim soyumuşdu. Bir az söhbətləşdik və növbəti dəfə toyda görüşdük. Hər şey məni rəqsə dəvət etməsindən başladı və keçmişi yada salıb xeyli güldük. Beləcə, yazışmağa, görüşməyə başladıq. İki ildir evliyik, bir övladımız var.
Mütəxəssis rəyi:
Çox maraqlıdır ki, bu metod cavanlar arasında geniş yayılmışdır. Son zamanlar belə problemlərlə insanlar daha çox psixoloqlara müraciət edirlər. Oğlanlar qızları sınaqdan keçirmək və onlara mümkün qədər yaxın olmaq üçün belə üsullara əl atırlar. Bu, bir tərəfdən ona görə yaxşıdır ki, oğlanlarımız gələcək ailəsini ağılla sınaqdan keçirib qur-maq tərəfdarıdır. Lakin digər tərəfdən də qızın zəifliyini, zövqünü və həyat meyarını dəqiq anlayandan sonra onu aldatmaq, gözündə ideal obraz yaratmaq çox asandır. Həm də bu, bir növ hiyləyə bənzəyir, ona görə də istənilən vəziyyətdə olduğu kimi, bunda da tədbirli davranmaq lazımdır. Amma heç bir situasiyada konkret resept yoxdur. Heç bir fikri ümumiləşdirmək düzgün deyil. Bu situasiyada isə bəllidir ki, insanlar arasında, həqiqətən də, səmimi və qarşılıqlı münasibət qurulub. Əsas da odur ki, hal-hazırda onlar xoşbəxtdirlər.
Ünsiyyət Rahatlığı
Günel, 22 yaş, həkim
Onunla saytların birində tanış olmuşduq. Əvvəlcə hər şey çox sehrli, macəra dolu idi, amma vaxt keçdikcə, sözsüz ki, hər şey adiləşir. İndi də onunla telefonla danışır, zəngləşirik, amma münasibətlərimiz həmişə internet tanışlığı səviyyəsində qalır, heç vaxt ondan artıq münasibət gözləməmişəm. Bu mənə tamamilə kifayət edir. İnternet mənə yeni dostlar, tanışlar və yaxud sadəcə rahat ünsiyyət verir. Məncə, insan həmişə öz mühitini dəyişməli, yeni və fərqli fikirli insanlarla münasibət qurmalıdır. İnternet tanışlığı təkcə ailə qurmaq və ya sevgili tapmaq üçün deyil ki?
Mütəxəssis rəyi:
Görünür, Günel uzunmüddətli internet tanışlığından sonra real ünsiyyət yaratmaqdan çəkinir. İnsanlar müxtəlifdir. Vizuallar insanda yalnız xarici görünüşə diqqət edir, ona böyük qiymət verirlər, onlar üçün internet-tanışlıq çox qorxuludur. Tanış olduğu insandan ilk öncə şəklini tələb edir. Belə insanlar uzunmüddətli internet münasibətindən sonra real həyatda görüşmək istəmirlər. Öz dünyalarında onlara maraqlı olan insanın obrazını yaradır və illüziyalardan ayrılmaq istəmirlər. Auditlər, ünsiyyətə üstünlük verir, səni emosiya və jestlərdən anlamaya bilərlər. Onlara hər şeyi sözlə izah etmək lazımdır. Səni görməsə də olar. Əsas odur ki, sözlərin ona lazımi təsiri göstərə bilsin. Ola bilər ki, Günel internet-tanışlığa dəyər vermir, sadəcə vaxt keçirir və ya bu üsulla istirahət edir. Belə rahat münasibət insanın özü üçün çox yaxşıdır.
İncəsənət adamı
Aynur, 25 yaş, rəssam
Sosial şəbəkələrin birində amerikalı ilə tanış olmuşdum. Arabir yazışırdıq. Sonradan öyrəndim ki, dedektiv roman-lar yazır. Onunla xarici ədəbiyyat barədə xeyli söhbət etdik. Maraqlı insan idi. Sonradan üzə çıxdı ki, növbəti əsərinin baş qəhrəmanı internetdə hədə-qorxuya məruz qalan gənc qızdır.
Əsərdən parçalar göndərdi və mən əsərin gedişatı ilə bağlı öz fikirlərimi deməyə başladım. Təklif etdi ki, süni dialoqlar yaradaq və mən onun baş qəhrəmanı Jane-i canlandırım. Mən də razılaşdım. Maraqlı idi, özümü əsl qorxu filminin qəhrəmanı kimi hiss edirdim. Beləcə, o, romana mənimlə dialoqlarını da əlavə etdi. İndi də hərdənbir yazışırıq.
Mütəxəssis rəyi:
Aynurun münasibəti incəsənətə maraq üzərində qurulub. Fərqli mədəniyyəti təmsil edən iki insanı bir dəyər birləşdirir: ədəbiyyat! Bunun qədər maraqlı digər məsələ, Aynurun psixoloji durumudur.
Mənə maraqlıdır, Aynur uşaqlıqda qorxu keçiribmi? Əgər olubsa, “dedektiv oyunu” ilə götürülməsi maraqlı metoddur. Virtual olaraq, həmin qorxunun içinə düşür və özünü qorxu filminin qəhrəmanı kimi hiss edirsən. Bununla da onun üzərində qələbə çalır, özünə kənardan baxırsan.
Aldadılmış gəlin
Firuzə, 25 yaş, evdar qadın
Onunla iki ilə yaxın virtual əlaqə saxladıq. İki il az müddət deyil, bu zaman ərzində o mənə əziz birisi oldu. İlk görüşdə xarici görkəmindən sarsıldım, heç mənim xəyal etdiyim birisi deyildi.
Amma getdikcə ona isinişdim. Hadisələr sürətlə inkişaf etdi, bir də ayıldım ki, toy hazırlıqları gedir. Ürəyimə xal düşmüşdü, əmin deyildim seçdiyim insandan. Rəfiqələrim bunu “toyqabağı stress” adlandırdılar, yüz cür don geydirdilər. Dedilər ki, bu hiss ötəridir, toydan sonra keçib-gedəcək, hamıda olur və s. "Vağzalı" çalınandan sonra da bu hiss məni tərk etmədi. Amma bütün bunlara baxmayaraq, toyu təxirə salmadım.
Artıq bir ildir ki evliyik. Bizi ailə dəyərləri bir-birimizə bağlasa da, gün-gündən ondan daha da uzaqlaşdığımı hiss edirəm. Mənimlə internetdə yazışan insanın indiki yoldaşım olduğuna heç əmin də deyiləm. Mənə görə, internet-tanışlıq insan münasibətlərinə bu qədər müdaxilə etməməlidir. Həyatda xoş təsadüflər olur, amma çox az...
Mütəxəssis rəyi:
Bu çox böyük səhvdir. Hadisələr təsadüfən deyil, şüurlu şəkildə evliliyə aparmalıdır. Təsadüfən kimləsə görüşmək olar, amma onu sevmək və evlənmək təsadüfi ola bilməz. Bu, işin bir tərəfi. İkincisi isə, sən daim öz hisslərinə inanmalı və istənilən an lazımi qərarı verməlisən. Düşünmə ki, qarşındakının təcrübəsi səninkindən çoxdur.
Hər bir insan öz qərarını verəcək qədər təcrübəyə malikdir. Əgər münasibətlər bu səviyyəyə çatıb və sən çatışmazlıq hiss edirsənsə, deməli, o çatışmazlıq var, bunun üçün isə “zamana vaxt ver”.
Fransızsayağı yazışma
Fəridə, 24 yaş, vizajist
Mənim rəfiqəm virtual münasibətlərə həddindən artıq meyilli idi. Öz yaşıdları ilə münasibətdən qaçırdı. Əvvəllər bu məni qıcıqlandırırdı, çünki bütün vaxtını internetdə yazışmaqla keçirirdi. Gözəllik salonunda işləyirdik və artıq vaxt tapan kimi kiminləsə internetdə danışırdı. Lakin doğru deyiblər ki, həyatda nəyin düzgün, nəyin yanlış olması cəmiyyət normalarına əsasən müəyyənləşmir. Təsadüfən, internetdə fransız iş adamı ilə əlaqə yaratmışdı.
Fransızca bilmədiyi üçün ingilis dilində ala-yarımçıq danışırdılar. Xoşbəxtlikdən, o da ingilis dilini zəif bilirdi. Münasibətləri inkişaf etdikcə, rəfiqəm də onunla danışmaq üçün müxtəlif tərcümə proqramları yükləyirdi. Təsadüfən saçını düzəltmək üçün gözəllik salonuna gələn fransız dili müəlliməsi ilə tanış olmuşdu. Onun köməyilə mütəmadi olaraq fransızla danışırdı. Həmin fransız Bakıya Onunla tanış olmaq üçün gəldiyində hamımız heyrət içində idik.
Axı, rəfiqəm fransız dilini bilmirdi... Bu hadisənin üstündən iki il keçib, amma hələ də bu barədə emosional danışıram. Fransada yaşayacağını biləndə ailəsi təşvişə düşmüşdü. Qızları heç tanımadıqları bir insana ərə gedir. Onun bu həyat hekayəsindən belə çıxarış etdim: “Həyat onu yaşamağı bacaranındır”.
Mütəxəssis rəyi:
Hiss olunur ki, söhbət güclü xarakterli, iradəli və özünəinamlı insandan gedir və o, məqsədyönlü şəkildə arzularının reallaşmasına doğru gedib. Bu, təqdirəlayiqdir. Ola bilər ki, yaşadığı cəmiyyətdə özünə qarşı haqsızlıq gördüyündən, nəyin bahasına olursa-olsun, buradan uzaqlaşmağı qarşısına məqsəd qoyub. Aydın duyulur ki, məqsədinə çatma yolunda heç bir maneə tanımayıb və nəticə göz qabağındadır. Belə insanlar qarşılarına çıxanları da öz məqsədləri xatirinə istismar etməyə hazır olurlar, öz üzərlərində işləyir və heç kimi dinləmədən məqsədlərinə doğru addımlayırlar. Onların bir şüarı var: “Qələbə mənim olmalıdır”. Həyat belə insanları sındırsa da, onların arzuları və ən əsası, iradəsi üstün gəlir.
İspan məhəbbəti feat. Azərbaycansayağı şirin çay
İradə, 27 yaş, müəllimə
İşdən evə gələndə çox yorğun olurdum, axşamlarımı maraqlı edən internet dostlarımdan başqa əyləncəm yox idi. Belə həyata o qədər alışmışdım ki, bütün ömrüm keçsəydi, hiss etməzdim. Bir gün bu əyləncələrin bütün həyatımı dəyişəcəyini düşünməzdim. İngilis dilimi inkişaf etdirmək üçün xarici tanışlıq saytlarında avropalı gənclərlə ünsiyyət qururdum. Məsləhət belə idi, hamı deyirdi ki, ingilis dilini yaxşılaşdırmaq üçün münasibət vacibdir.
Bir gün özü ispan, anası rusəsilli bir insanla tanış oldum. İngilis dilini bilməsə də, rus dilində sərbəst danışırdı. Mənim də anam rustəhsilli olduğundan, ona çox maraqlı həmsöhbət idim. Tarixdən tutmuş, adət ənənələrədək hər şeyi müzakirə edirdik. Heç bilmədik, hər şey necə inkişaf etdi. Əvvəlcə o mənə şəklini yolladı, sonra mən ona. Və beləliklə, bu ispantəhsilli, rus tərbiyəsində böyüyən gənc mənim yeganə internet həmsöhbətimə, sonradan isə həyat dostuma çevrildi.
Amma ideal heç nə olmadığı kimi, bizim münasibətimiz də maneələrlə qarşılaşdı. Səfirlik bizim evlənməyimizə etiraz etdi, hər gün yeni bir bəhanə ilə get-gələ saldı. Uzun çəkişmə və sənəd təqdimatı münasibətlərimizi daha da dərinləşdirdi. Doğru deyirlər ki, problemlər zəif münasibətləri bitirir, güclüləri isə daha da alovlandırır.
Hər yeni çətinliyə gülümsəyib, “Gedək, görək, indi nə bəhanə tapıblar” deyərək, əl-ələ verdik. Sonunda bütün dünyanı razı saldıq. Əvvəl o bizə gəlib azərbaycansayağı məni ailəmdən istədi, şirin çayımızı içdi, sonra isə mən ispansayağı, psixoloqlarla görüşüb evlənmək üçün onların bəzi suallarına cavab verdim. Hər iki ölkədə toyumuz oldu.
Mütəxəssis rəyi:
Bu gün tez-tez bu barədə yazılır və gündəmdə olan bir məsələ var: zaman münasibətlərə nə dərəcədə təsir göstərir? Həqiqətənmi, zamanla bəzi münasibətlər laxlayır, bəziləri isə daha da möhkəmlənir? Bu, nə ilə əlaqədardır? Bu həyat əhvalatı sualı çox gözəl cavablandırır. Təbrik edirəm. Görünür ki, sizin münasibətləriniz sevgi əsasında qurulub və heç bir problem buna mane ola bilməyib. Hər birimiz bilməliyik ki, ətrafımızdakı insanlar müəyyən dərəcədə bizə təzyiq göstərir və qərarlarımızı dəyişməyə məcbur edirlər. Əksər hallarda insanlar qarşısındakının potensialına, qərarlarına şübhə və ironiya ilə yanaşır.
Səfirliyin evlənmə qərarınıza etirazı normal haldır, onlar çox gözəl formada sizdəki əzmi və sevgini üzə çıxarıb, bu arada özlərinə lazım olan informasiyanı da ala biliblər. Bəzən bizim qızlarımız xarici vətəndaşlara aşıq olur və düşünmədən faciə burulğanına atılır, nəticəsini isə, demək olar ki, hər gün radio və televiziya verilişlərində görürük.
Toydan sonra bütün münasibətlər olduğu formanı alır və heç nəyi gizlətmək mümkün olmur. Yadda saxlamaq lazımdır ki, insanın xarakterini azacıq korrektə etmək olar, amma onu dəyişmək olmur. Ailəndən uzaqlaşaraq, xaricə getməyin avantajları olduğu kimi təhlükəsi də böyükdür. Cütlüyümüz səfirliyin etirazı dönəmində münasibətlərini sınaqdan keçirmiş, sözsüz ki, bir-birlərinin ailələrinə və xasiyyətlərinə yaxından bələd olmuşlar.
*Bütün adlar dəyişdirilmişdir. Məqalənin hazırlanmasında göstərdiyi köməyə görə, psixoloq Gülnarə Həsənovaya minnətdarlığımızı bildiririk.

0 Yorumlar