2012 Qapımızı Əjdaha döyür

2012-in təqviminə görə 2012-ci il Qara su Əjdahası ilidir. Yumşaq Pişikdən fərqli olaraq, Əjdaha qəti, dəmir iradəli, üstəlik, od nəfəslidir. Belə çətin qonağı qarşılamaq və yola vermək sizə elə də asan görünməsin. Tibet astrologiyasına görə isə Su Əjdahası qara yox, mavi olacaq.

Əjdaha zənginliyi, dəbdəbəni sevir, həyat şəraitində keyfiyyət axtarır, onu başdansovdu işlər, ucuzlu əşyalarla aldatmaq olmaz. Ona görə Yeni il öncəsi evdə ona uyğun ab-hava yaratmağa çalışmaq lazımdır, fikrinizdə isə yalnız bahalı əşyalar və zəngin həyata çatmaq arzusu tutun.

Əjdaha mifik  varlıqdır, bəzən insanın dostu, bəzənsə düşmənidir. Cəngavərləri sevir. Ehtiyatlıdır. Saraylarda, uca qəsrlərdə yaşamağa alışıb. Ona Tanrılar səltənətinin mühafizəçisi kimi də yanaşırlar. Yoxsulluğu və kasadlığı sevmir. O, gözəlliyə və mükəmməlliyə alışıb. Əjdaha şənlik, gülüş, atəşfəşanlıq və əyləncə həvəskarıdır, təkliyi, kədəri, qüssəni heç sevməz. Ona görə il maraqlı gedişlər, hətta oyunabənzər məqamlarla yadda qalacaq. Əjdaha qaniçən varlıq kimi qorxu mənbəyi olsa da, əslində xeyirxahdır. O, çətinliklərə sinə gərməyi bacaran, məqsədinə doğru gedən, inadkar və cəsarətli insanların tərəfindədir. 2012 risklərlə dolu ildir, ya böyük oyunlara qoşulmalısınızz, ya da bir kənara çəkilməlisiniz. Ortabab mövqe seçənləri mükafat gözləmir.

Əjdaha müdrikdir, onu aldatmaq çətin məsələdir. Bəzilərinə birdən-birə bu qədər müsbət keyfiyyətləri özündə toplayıb, ilin simvolu ilə yola çıxmaq çətin görünəcək, axı heç kim ideal deyil. Amma kim ki, bütün müsbət keyfiyyətlərini və gücünü səfərbər edib, Əjdahanın istəyi ilə ayaq uzada bilsə, onu inanılmaz uğur gözləyəcək.

İlin mənfi keyfiyyəti səbirsizlik olacaq. Bəzi addımları düşünmədən atmalı olacaqsız. Lazım gələrsə sizi sevənlər, sizin üçün dəyərli olanlar naminə qurbanlar verməlisiz. Əjdaha düşünməyə, yüz ölçüb, bir biçməyə zaman verməyəcək Buna görə də 2012-ci ili mürəkkəb və çətin illər sırasına yazmalıyıq. Yalan vədlər, boş danışıqlar vaxtı deyil. Təşəbbüs göstərməyən tənbəl insanlar qazanmasa da, itkiləri ola bilər.

2012 - zəhmət ilidir. Amma bu o demək deyil ki, son damla tərinizə qədər çalışıb vuruşmalısız. İşiniz sizin ürəyinizcə olmalı, sizi ilhamlandırmalı, müsbət enerji daşımalı və ətrafa xeyir gətirməlidir. Əjdaha güclüdür. Aktiv insanların bəxti gətirəcək, başını işlədənlərə isə böyük bonuslar gələcək. Bu ilki uğurla hələ neçə illər sizə yetərli olacaq.

İlin əvvəlindən taleyinizin bütün iplərini öz əlinizə yığın. Çünki yanvardan marta kimi ən məhsuldar ərəfə olacaq. Bu il yüngül məhəbbət macəraları, asan əldə olunan pullar ilidir. Əjdaha bəzi adamların gözünə əlvan kül üfürüb, onları ilğıma sala bilər. Ona görə əldə etdikləriniz sabun köpüyü kimi tez uçacaq. Bunun üçün hər parıldayan yerə getməyin.

Xəzinə sahibi olmaq istəyirsən?

Qədim miflərdə Əjdahanın xəzinə üzərində yatdığını və onu qoruduğunu gözəl bilirik. Siz də qənaətcil və qoruyucu olsanız, pis olmaz. Halal yolla zəngin olmaq arzunuz varsa, irəli! Başqalarının hesabına yaşayanların, qanundankənar yollara meyl edənlərin cəzası ağır olacaq.

Əjdaha nə qədər qorxunc və odlu görünsə də, qəlbində sakit və rahatdır. Yalançı səs-küyü, qalmaqalı, hər sözə kəskin cavab verməyi, nəyisə sübut etməyi qəbul etmir. Vəziyyətə uyğun sakit, inamla hərəkət edin, fantaziyalara yox, reallığa sığının. Bu il informasiya mübadiləsi güclənəcək, hər gün, yeni və fərqli xəbərlərlə yadda qalacaq. Bu informasiya axını içində sizə lazım olanı tapın və hərəkətə keçin. Əjdaha müdrikdir, siz də müdrik olun!

Yorum Gönder

0 Yorumlar