Üzün dərisi daimi olaraq ətraf mühitin təsirinə (soyuq, isti, günəş, külək, toz və s.) məruz qalır. Böyük şəhərlərdə yaşayan insanların dərisi ətraf mühitin zərərli təsirlərindən daha çox "əziyyət çəkir". Ona görə də üz dərisinin gündəlik müdafiə olunmağa ehtiyacı olur. Bu zaman müdafiə etmə funksiyası gündüz kreminin üzərinə düşür.
Nəmləndirici krem dərini qurumaqdan qorumalıdır. Qidalandırıcı krem isə dərini çirklənmələrdən, temperaturun kəskin dəyişmələrindən, havada olan zərərli kimyəvi birləşmələrdən, mərkəzi qızdırıcı sistemlərin quruducu təsirindən və s. qorumalıdır. Hər bir halda, ilin müxtəlif dövrlərində sizin dərinizin qorunması üçün nəyin daha vacib olduğunu müəyyən etmək lazımdır.
İlin isti aylarında nəmləndirici gündüz kremlərinə, soyuq aylarında isə qidalandırıcı gündüz kremlərinə üstünlük vermək lazımdır. Bu kremlərin üzərindən dekorativ kosmetik vasitələr də çəkilə bilər. Hətta əgər siz heç bir kosmetik vasitələrdən istifadə etmirsinizsə və ya az-az hallarda istifadə edirsinizsə, dərinizə gündüz kreminin çəkilməsi vacib hesab edilir.
Yay aylarında dərinin qorunması üçün günəşdən qoruyan kosmetik vasitələrdən istifadə etmək lazımdır. Ultrabənövşəyi şüalar dərinin derma qatının dərinliklərinə daxil olaraq kollagen və elastini parçalayır. Nəticədə dərinin tonusu azalır, o öz möhkəmliyini və elastikliyini itirərək quruyur və daha tez qocalmağa başlayır. Buna görə də günəşli havada çölə çıxdıqda tərkibində günəşdən qoruyucu filtrlər olan gündüz kremindən istifadə etmək vacib hesab edilir.

0 Yorumlar